Bakı Avropa İttifaqını, o cümlədən Almaniyanı Azərbaycan ərazisini işğal etmiş Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Azərbaycanın Berlindəki səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan edib.
X.Xələfov iki ölkənin xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələr çərçivəsində Almaniyanın xarici işlər naziri, dövlət katibi Markus Ederer ilə görüşdə Berlinlə ikitərəfli münasibətlərin inkişafına dair rəsmi Bakının mövqeyini bildirib.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinə dair fikir mübadiləsi aparılıb. X.Xələfov münaqişənin nizamlanması məsələsində ikili standartlara son qoymağa çağıraraq Avropa İttifaqının, o cümlədən Almaniyanın Azərbaycan ərazisinin 20%-ni işğal etmiş Ermənistana qarşı sanksiya tətbiq etməsinin vacibliyini vurğulayıb.
Tərəflər, həmçinin beynəlxalq siyasi mövzuda qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən regional təhlükəsizlik və Yaxın Şərqdə baş verən proseslərə dair müzakirələr aparıblar.
R.Babayev