Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Ermənistan öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazisindən çıxarana qədər Ankaranın bu ölkə ilə sərhədlərini açacağına inanmır.
“Mən Ermənistanla Türkiyə arasında əməkdaşlığın ola biləcəyini düşünmürəm”,- deyə səfir Türkiyənin ingilis dilində nəşr edilən “Daily Sabah” qəzetinə Ermənistanın işğal siyasətinə son qoyana qədər Türkiyə ilə sərhədlərinin açılması mümkünlüyü ilə bağlı sualı cavablandırarkən bildirib.
F.Bağırov Türkiyə prezidenti, baş naziri və xarici işlər nazirinin Qarabağ münaqişəsində irəliləyiş əldə olunana qədər Ermənistanla əməkdaşlığın mümkün olmayacağına dair verdikləri bəyanatları xatırladıb. “Hamı Türkiyənin addım atmasını gözləyir, lakin soyqırımı və işğal - bütün bunlar Ermənistanın işidir. 1992-ci ildə Xocalıda soyqırımını kim törədibsə, “1915-ci il qondarma soyqırımını” da o həyata keçirib. Onlar cəmi 23 il bundan qabaq baş vermiş və canlı şahidləri olan soyqırım aktını təkzib edirlər, 1915-ci ildə törədilmiş qondarma soyqırımın heç bir sübutu yoxdur”,- deyə o qeyd edib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
F.Hüseynzadə