Dünya birliyi İrəvanı BMT Təhlükəsizlik Şurasının 20 il əvvəl Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamələrin icrasına məcbur etməlidir. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov bəyan edib.
“Həmin qətnamələrin icra olunması üçün beynəlxalq birlik tərəfindən Ermənistana təzyiq göstərilməlidir. Lakin əksinə olaraq Türkiyə və Azərbaycan ədalətsiz təzyiqə məruz qalır”, - deyə səfir Türkiyənin ingilisdilli “Daily Sabah” qəzetinə müsahibəsində bildirib.
F.Bağırov qeyd edib ki, qondarma “erməni soyqımı”nın 100 illiyinin yaxınlaşması ilə bir çox beynəlxalq institut Türkiyə və Azərbaycanda insan haqlarının vəziyyətinə dair müxtəlif hesabatlar dərc edirlər. Ancaq onların heç biri erməni təcavüzü nəticəsində öz torpaqlarından qovulan 1 milyondan artıq azərbaycanlı qaçqın barədə söz açmır.
“Baxmayaraq ki, Azərbaycan hökuməti məcburi köçkünləri mənzillə təmin edib, bu, onların öz torpaqlarında yaşaması ilə eyni deyil”, - deyən diplomat əlavə edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün əlindən gələni edəcək.
Səfir məlumat verib ki, 23 il öncə Ermənistanın Xocalıda törətdiyi cinayətlər artıq bir neçə ölkə tərəfindən soyqırım faktı kimi tanınıb. “Bu dəhşətli cinayətləri törədən cinayətkarlar cəzalandırılmayıb, Azərbaycan bu məsələni gündəmdə saxlamağa davam edəcək”, - deyə F.Bağırov vurğulayıb.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
F.Hüseynzadə