Haaqada Xocalı soyqırımınının 23-cü ildönümü ilə əlaqədar mitinq-yürüş və konfrans keçiriləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilən tədbirlərdə iştirak etmək məqsədilə Milli Məclisin deputatı Zahid Oruc fevralın 25-dən 28-dək Niderland Krallığında səfərdə olacaq.
Deputatlar Elman Məmmədov, Qənirə Paşayeva və Musa Qasımlı fevralın 23-dən 28-dək Türkiyənin Ankara, Kayseri, Malatya və Kahramanmaraş şəhərlərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak edəcəklər.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
R.Babayev