Ağdam rayonunun orta məktəb şagirdləri hər yeni dərs gününü “Ana, Vətən, Torpaq, Qarabağ” sözləri ilə başlayırlar. Bu barədə Qaradağlı kənd məktəbinin 11-ci sinif şagirdi Günel Rəhimova “İnterfaks-Azərbaycan” agentliyinin cəbhəyanı zonaya ezam olunmuş müxbiri ilə söhbət zamanı bildirib.
“Ailəm və mən Ağdam rayonunun Saybalı kəndindən məcburi köçkünük. Hazırda həmin rayon erməni işğalı altındadır. Məktəbi bitirdikdən sonra hərbçi olmaq istəyirəm. Məqsədim Azərbaycanın cəsur oğulları ilə bir sırada durmaq və işğal olunan əraziləri qaytarmaqdır”, - deyə G.Rəhimova üzərindəki hərbi geyimi şərh edərkən bəyan edib.
Gənc qız qeyd edib ki, könüllü olaraq hərbi biliyə yiyələnir və Azərbaycan Silahlı Qüvvələrinin formasını daşıması ilə fəxr edir.
“Məktəbdə bizə hərbi fənn üzrə yaxşı dərs keçirlər. Həmçinin bəzən hərbi hissələrə baş çəkir, hərbi texnika ilə tanış oluruq. Müharibə günü sabah başlayarsa, hər bir ağdamlı yeniyetmə buna hazırdır”, - deyə G.Rəhimova vurğulayıb.
Öz növbəsində məktəbdə ibtidai
hərbi hazırlıq fənnini tədris edən Allahverdi Həmidov yuxarı sinif şagirdlərinin bu fənn üzrə davamiyyətini yüksək qiymətləndirir.
“Bütövlükdə Ağdam məktəblərində heç bir yuxarı sinif şagirdi hərbi hazırlıq dərslərini buraxmır. Cəbhəyanı zonada uşaqlarda bu fənnə maraq beşinci sinifdən etibarən yaranır”, - deyə o vurğulayıb.
O təkrar edib ki, şagirdlər üçün tez-tez cəbhəyanı ərazidə hərbi hissələrdə hərbçilərlə görüşlər təşkil olunur.
“Uşaqlar tez-tez hərbçilərlə, milli qəhrəmanlarla görüşürlər. Bu cür görüşlər onların vətənpərvərliyinə əlavə təkan verir”, - deyə A.Həmidov bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri şagirdlərin hərbi hissələrdən birində keçirdiyi bu cür görüşdə iştirak edib. Hissə komandiri böyüyən nəsli salamlayaraq ölkədə, xüsusilə hərbi sahədə həyata keçirilən islahatlar barədə danışıb, Azərbaycan Ordusunun döyüşə hazırlığını və Ali Baş Komandanın ilk əmri ilə erməni işğalı altında olan əraziləri azad etməyə hazır olduğunu vurğulayıb.
Sonra qonaqlara hərbi hissənin kəşfiyyat bölüyünün nümunəvi çıxışı nümayiş etdirilib. Həmçinin şagirdlər ən yeni silah və hərbi texnika nümunələri ilə tanış olublar.
F.İsazadə