Litva Seyminin üzvləri Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar müraciət qəbul ediblər. Bu barədə çərşənbə axşamı Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Seymin 51 üzvü tərəfindən imzalanan müraciətdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verilir və bəşəriyyətə qarşı istənilən cinayətlər pislənir.
“Dağlıq Qarabağ münaqişəsi XX əsrin ən faciəli münaqişələrindən biridir və milyonlarla azərbaycanlının taleyini alt-üst edib”, - deyə sənəddə deyilir.
“Bu il fevralın 26-da biz 1992-ci ildə Azərbaycanda baş verən Xocalı faciəsinin 23-cü ildönümünü qeyd edəcəyik. Bu tarixdə rus-erməni hərbi qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhəri işğal edilib və nəticədə 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib”, - deyə müraciətdə vurğulanır.
Sənədin müəllifləri bəyan edirlər ki, “yüz minlərlə azərbaycanlının kütləvi qətli bəşəriyyət əleyhinə ən dəhşətli cinayətlərdən biridir”. Litva hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasına çağırıb.
Müraciətə imza atmış deputatlardan 26-sı Seymdə hakim koalisiyada çoxluq təşkil edən Sosial Demokratlar Partiyasının, qalan üzvlərin əksəriyyəti müxalifətdə olan Vətən-Xristian Demokratları Partiyasının və hakim koalisiyada olan digər partiyaların üzvləridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində uşaq, qadın və qocalar daxil olmaqla, 600-dən artıq günahsız şəxs öldürülüb.