Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi-Suk İnlə görüşdə ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun verdiyi məlumata görə, V.Talıbov muxtar respublikada elektron hökumətin tətbiqi və Naxçıvan Dövlət Universitetində elektron idarəetmənin təkmilləşdirilməsi sahəsində görülən işlərə, eləcə də ali təhsil müəssisələri arasındakı səmərəli əməkdaşlığa görə səfirə təşəkkür edib.
Söhbət zamanı Ali Məclisin sədri həyata keçirilən birgə layihələrin əhəmiyyətinə toxunub, elmi müəssisələr, avtomobil sənayesi və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Çoi-Suk İn növbəti dəfə muxtar respublikaya səfər etməsindən məmnun olduğunu söyləyib. Naxçıvan Dövlət Universitetində elektron təhsil mərkəzinin açılışında iştirak edəcəyini diqqətə çatdıran səfir bu ali təhsil ocağının güclü potensiala malik olduğunu vurğulayıb, bundan sonra da əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini qeyd edib.
Q.Hüseynova