Milli valyutanın devalvasiyası Azərbaycanda sosial ödənişlərin maliyyələşdirilməsinə heç bir təsir göstərməyəcək. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov belə hesab edir.
“Manatın məzənnəsinin ucuzlaşması büdcə daxilolmalarının artması deməkdir. Bu halda maliyyələşdirmə ilə bağlı problemlər barədə danışmaq düzgün deyil”, - deyə nazir çərşənbə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, manatın məzənnəsinin ucuzlaşması çox yaxşı düşünülmüş addımdır.
“Əgər 2013-cü ilə olan göstəricilərə nəzər salsaq, o zaman ölkədə deflyasiya, hətta milli valyutanın məzənnəsinin ucuzlaşması fonunda iqtisadiyyatımızla bağlı olan qonşu ölkələrdə iş yerlərinin azalması müşahidə olunub. Manatın məzənnəsinin saxlanılması düzgün addım olmazdı”, - deyə S.Müslümov bildirib.
Onun sözlərinə görə, nə üçün 2008-ci ildə bu cür addımların atılmaması sualı yarana bilər.
“Həmin il böhran zamanı hökumət bazara əlavə ehtiyatlar çıxardı və böhran iqtisadiyyata güclü təsir göstərmədi. Lakin vəziyyəti təhlil və 2008-ci illə müqayisə etsək, qeyd etmək lazımdır ki, 2008-ci ildə pensiyaların maliyyələşdirilməsinə 435 mln. manat, bu gün isə 1,1 mlrd. manat ayrılıb. Btün bu faktları nəzərə alaraq demək olar ki, manatın məzənnəsinin ucuzlaşması düşünülmüş və indiki vəziyyətdə zəruri olan qərardır”, - deyə nazir bildirib.
Əmək bazarına gəlincə isə, S.Müslümov qeyd edib ki, bazarda vəziyyətin öyrənilməsi və sosial müdafiə ilə bağlı tədbirlərin həyata keçirilməsinə dair qərar qəbul edilib.
“Son monitorinqlər göstərdi ki, bu gün işsizliklə bağlı problemlər yoxdur və həm yanvar, həm də fevral aylarında bağlanan əmək müqavilələrinin sayı stabil olaraq qalıb”, - deyə nazir vurğulayıb.
R.Babayev