Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Rusiyanın Azərbaycan paytaxtına “qəhrəman şəhər” statusu verməsinin tərəfdarıdır.
“Biz Rusiyadan Bakıya “qəhrəman şəhər” statusunun verilməsinə dair qərar gözləyirik”, - deyə Z.Əsgərov Milli Məclisin deputatı Yevda Abramovun müvafiq təklifinə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, Milli Məclis dəfələrlə bu məsələni qaldırıb və buna dair ədalətli qərarın qəbul edilməsini gözləyir.
Z.Əsgərov vurğulayıb ki, Azərbaycan tərəfi hələ RF Dövlət Dumasında Gennadi Seleznyovun sədrliyi dövründə bu məsələyə dair təşəbbüslə çıxış edib.
“Rusiya SSRİ-nin hüquqi varisidir və biz tarixi ədalət tələb edirik. Azərbaycanın iltifata ehtiyacı yoxdur. Biz yalnız Böyük Vətən müharibəsində qələbənin, həmçinin azərbaycanlı neftçilər və Bakı nefti sayəsində əldə olunmasına dair tarixi faktın təsdiq olunmasını tələb edirik. Dünya bu tarixi faktı bilməli və qəbul etməlidir”, - deyə birinci vitse-spiker vurğulayıb.
R.Babayev