Avropa İttifaqı (Aİ) Rusiyanın Avropanın enerji bazarında rolunu azaltmaq məqsədi ilə Azərbaycan və Türkmənistanla münasibətlərin inkişafına diqqəti artırmaq niyyətindədir. Bu barədə “Financial Times” Aİ-nin çəşrənbə günü açıqlanmalı olan uzunmüddətli enerji strategiyası layihəsinə istinadən məlumat verir.
Aİ Azərbaycan, Türkmənistan və Əlcəzair kimi ölkələrlə energetika sahəsində strateji tərəfdaşlıq yaratmaq üçün bütün xarici siyasət alətlərindən istifadə etmək niyyətindədir.
“Hesab edirəm ki, Avropa artıq hər yay qışı necə keçirəcəyi barədə müzakirələr aparmaqdan yorulub. 21-ci əsrdə dünyanın böyük iqtisadiyyata malik ölkələrində belə problem olmamalıdır”, - deyə Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç bildirib. Onun sözlərinə görə, Rusiya Avropaya enerji daşıyıcılarının çox vacib tədarükçüsü olaraq qalacaq, lakin onun təsiri azalacaq.
M.Şefroviç Trans-Adriatik qaz kəməri layihəsini (TAP) prioritet layihə hesab edir. Bu kəmərlə 2020-ci ilə qədər İtaliyaya 10 mlrd. kubmetr Azərbaycan qazı tədarük edilməlidir. Gələcəkdə kəmərin gücü 20 mlrd. kubmetrə qədər artırılmalıdır. Brüssel Cənub dəhlizinin gücləndirilməsini təmin etmək üçün Türkmənistanı da layihəyə cəlb etməyə çalışır.
Aİ-nin strategiyası 2030-cu ilə qədər Energetika İttifaqının yaradılmasını nəzərdə tutur.
"Aİ Rusiya qazından asılılığı azaltmaq üçün uzunmüddətli perspektivdə bütün üzv ölkələrin mavi yanacağa tələbatını analiz etmək, enerji tədarük edən bütün ölkələrlə bütün müqavilələrin Avropa qanunvericiliyinə uyğunluğunu yoxlamaq niyyətindədir", - deyə “Suddeutsche Zeitung” qəzeti yazır.
Avropa Komissiyasının məlumatına əsasən, 2014-cü ildə Aİ istehlak olunmuş enerji daşıyıcılarının 53%-ni idxal edib ki, bu da ona təxminən 400 mlrd. avroya başa gəlib. Aİ-yə üzv olan 28 dövlətdən 6-sı 100% yeganə xarici qaz tədarükçüsündən asılıdır ki, bu da onların asılılığını artırır. Rusiya Avropada istehlak olunan qazın 27%-ni tədarük edir.