Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Fransanın kənd təsərrüfatı, ərzaq və meşəçilik naziri Stefan Le Foll ilə görüşündə pendir ve yağ istehsalı sahəsində birgə müəssisənin yaradılması ilə bağlı məsələlər müzakirə olunub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.
Nazirlər kənd təsərrüfatı sahəsində əməkdaşlığın praktiki müstəvidə davam etdirilməsi məqsədilə işçi qrupun yaradılmasının vacibliyini vurğulayıblar.
Göruşdə, həmçinin südçülük, üzümçülük və şərabçılıq sahələrində əməkdaşlıq imkanları, Fransa iş adamları tərəfindən ölkəmizin kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu ilə bağlı məsələlər, cins heyvandarlıq və süni mayalama sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Nazir H.Əsədov öz həmkarını 2015-ci ilin noyabr ayında keçiriləcək Gəncə Şərab Festivalına dəvət edib.
H.Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Paris şəhərində keçirilən 52-ci Beynəlxalq kənd təsərrüfatı sərgisinin açılış mərasimində və “İqlim dəyişiklikləri şəraitində kənd təsərrüfatı” mövzusunda konfransda iştirak edib.
Nazir Parisdə yerləşən beynəlxalq kənd təsərrüfatı təşkilatlarının rəhbərləri ilə də görüşlər keçirib.
A.Axundov