Gələn həftə Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına dair danışıqların növbəti raundu keçiriləcək. Bu barədə çərşənbə günü jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
“Kənd təsərrüfatı sahəsində dəstəyin göstərilməsi məsələsinə dair danışıqlar çoxtərəfli formatda keçiriləcək. Məlum olduğu kimi, bu, Azərbaycan üçün çox mühüm məsələdir”, - deyə XİN başçısının müavini vurğulayıb.
Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda kənd təsərrüfatının inkişafı respublikanın ÜTT-yə hansı şərtlərlə daxil olacağından asılıdır.
“Cenevrədə Azərbaycan üzrə işçi qrupunun iclası da keçiriləcək. İclasda müvafiq sənədlər üzərində iş aparılacaq”, - deyə M.Məmmədquliyev bildirib.
O qeyd edib ki, həmçinin müvafiq ekspertlərlə məsləhətləşmlərin aparılması da gözlənilir.
“Bundan başqa, bir neçə ölkə müxtəlif məsələlərin müzakirəsi məqsədilə bizimlə ikitərəfli danışıqlar aparmaq istədiyini bildirib. Söhbət, xüsusilə ABŞ, Avropa İttifaqı, Norveç və bir sıra digər dövlətlərdən gedir”, - deyə M.Məmmədquliyev vurğulayıb.
Onun sözlərinə görə, danışıqlar zamanı Azərbaycan tərəfi ÜTT-yə üzvlük çərçivəsində respublika üçün daha əlverişli şərtlərin yaradılmasına çalışır.
Azərbaycan 1997-ci ildə ÜTT-yə daxil olmaq üçün ərizə verib.
Azərbaycan 2007-ci ildə Türkiyə, 2008-ci ilin may ayında Oman və BƏƏ, 2010-cu ilin may ayında Gürcüstan, 2012-ci ildə Qırğızıstanla ÜTT-yə daxil olmaqla bağlı danışıqların başa çatması haqqında ikitərəfli protokol imzalayıb.
R.Babayev