Bakı Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi və gələcək addımlara dair danışıqlara başlamağı planlaşdırır. Bu barədə çərşənbə günü jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
“Mövcud praktikaya əsasən, ölkənin sazişin birinci mərhələsini effektiv şəkildə həyata keçirməsi bir müddət sonra bu istiqamətdə növbəti addımların atılması istiqamətində işlərin fəallaşdırılması məsələsini qaldırmağa imkan verir”,- deyə o qeyd edib.
Diplomat deyib ki, Azərbaycanla Aİ arasında readmissiya və viza rejiminin sadələşdirilməsinə dair sazişlərin qüvvəyə minməsindən yarım il keçib.
“Bununla əlaqədar olaraq əldə edilənləri yenidən nəzərdən keçirmək və qiymətləndirmək və viza rejiminin sadələşdirilməsi prosesində gələcək addımlar barədə düşünməyin vaxtı gəlib çatıb”, - deyə M.Məmmədquliyev vurğulayıb.
Nazir müavini bir müddət sonra Bakı və Brüsselin viza rejimini tamamilə ləğv edə biləcəyini istisna etməyib. O əlavə edib ki, bu, yalnız uzunmüddətli perspektivdə mümkün ola bilər.
Azərbaycan və Aİ arasında “Viza rejiminin sadələşdirilməsi haqqında” saziş və miqrasiya proseslərini tənzimləyən “Readmissiya haqqında” saziş 2014-cü ilin sentyabr ayında qüvvəyə minib. Bunun nəticəsində Şengen vizasının alınması üçün sənədlərin yığılması və təqdim edilməsi prosesi sadələşdirilib, ərizəyə baxılma müddəti azaldılıb, vizanın qiyməti aşağı salınıb və çoxdəfəli səfərlər üzrə uzunmüddətli vizaların alınması imkanları genişləndirilib.
R.Babayev