Əfqanıstan düzgün istiqamətdə irəliləyir və Azərbaycan bu ölkə ilə tərəfdaşlığını davam etdirəcək. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüş zamanı bəyan edib.
Əfqanıstanın diplomatik mənbələrinin məlumatına görə, Kabildə keçirilən görüşdə Ş.Mustafayev qeyd edib ki, Əfqanıstan və Azərbaycan arasında münasibətlər daha da yaxşılaşır. Və tərəflər iqtisadiyyat, siyasət və təhlükəsizlik sahəsində əlaqələri daha da möhkəmləndirmək niyyətindədirlər. Nazir Əfqanıstanın mədənçıxarma sənayesi və neft nazirinin başçılıq etdiyi nümayəndə heyətini iki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivələrinin müzakirəsi məqsədilə Azərbaycana dəvət edib. Bundan başqa, Ş.Mustafayev bəyan edib ki, Azərbaycan hər iki ölkənin məhsullarının sərgisini təşkil etməyə hazırdır.
Öz növbəsində Əfqanıstan prezidenti bildirib ki, son illər ərzində Azərbaycanın uğurlu inkişafının təsiri altındadır. Onun sözlərinə görə, tərəflər ikitərəfli əməkdaşlığın qısa, orta və uzunmüddətli perspektiv üçün genişlənməsi məsələlərini, həmçinin Əfqanıstana investisiyaların yatırılmasına dair yeni imkanları müzakirə etməli və gələcəkdə razılaşmaları müvafiq sazişlərlə möhkəmlətməlidirlər. Prezident həm dövlət, həm də özəl sektor tərəfindən Azərbaycan investisiyaları üçün ölkəsində əlverişli şəraitin olduğunu xüsusi vurğulayıb.
F.Hüseynzadə