Samux rayonunda fərdi təsərrüfatlarda qarayara əleyhinə peyvəndlənmə işi aparılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Peyvəndlənmə işi Dövlət Baytarlıq Xidmətinin Tədbirlər Planına uyğun olaraq Samux rayon Baytarlıq İdarəsi tərəfindən həyata keçirilir.
“Samux rayonunda epizootik durum sabitdir. Heyvanlar arasında heç bir xəstəlik müşahidə olunmayıb. 2015-ci ilin planı əsasında biz lazımi tədbirlər görürük”, – deyə Samux rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov bildirib.
Ötən il respublikanın əksər rayonlarında müşahidə olunan nodulyar dermatit xəstəliyi Samux rayonunun Kürqırağı kəndlərində də yayılsa da, heyvanlar arasında kütləvi ölüm halları müşahidə olunmayıb.
“Baytarlar iri və xırdabuynuzlu heyvanlara, eləcə də atlara qabaqlayıcı vaksinlər vururlar. Bundan başqa, iribuynuzlu heyvanlardan bruselyoza qarşı qan numunələri götürülüb”, – deyə rayonun baş baytarı qeyd edib.
Hazırda rayonda 22 min baş iri, 163 min baş xırda davar bəslənilir.
F.Mehdiyev