Azərbaycan prezidenti İlham Əliyev və respublikada rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı soyqırım qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı" abidəsi önünə əklil qoyublar.
Abidəni hökumət, parlament üzvləri, Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri ziyarət ediblər.
Cümə axşamı Azərbaycanda Xocalı soyqırımının 23-cü ildönümü qeyd edilir.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
F. İsazadə