ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik cümə axşamı - Azərbaycan xalqının Xocalı soyqırımının 23-cü ildönümünü qeyd etdiyi gün özünün “Twitter” səhifəsində barışığa çağırıb.
“Bu günlər anma günləridir. Ölümlər və faciəvi hadisələr ağrı mənbəyi olaraq qalır. Barışıq üçün vaxt yetişib”,- deyə C.Uorlik qeyd edib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Y.Əliyev