Bankların 24 fevrala qədər əhalidən illik 9-12%-lə cəlb etdiyi əmanətlər qorunan əmanət hesab edilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
Xəbər verildiyi kimi, 2015-ci il fevralın 24-dən banklar tərəfindən əhalidən cəlb edilmiş və sığortalanmalı olan əmanətlər üzrə maksimal faiz dərəcəsi 9%-dən 12%-ə qaldırılıb.
“Qəbul olunmuş qərara əsasən, bankların fevralın 24-nə qədər əhalidən illik 9-12%-lə cəlb etdikləri əmanətlər də qorunan əmanət hesab edilir”, - deyə fonddan bildirilib.
Banklarda illik 12%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər qorunmayan əmanət hesab edilir.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə prezidentinin 9 fevral tarıxli fərmanı çərçivəsində yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
44 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür
A.Əzizov