Azərbaycan gənclərinin nümayəndələri Ermənistanın Rusiyadakı səfirliyinin binası qarşısında piket keçiriblər və Xocalı soyqırımının ildönümü ilə əlaqədar diplomatik missiyanın nümayəndəsinə etiraz məktubu təqdim ediblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib.
Səfirlik əməkdaşları əvvəlcə məktubu qəbul etmək istəməsələr də, gənclərin təkidindən sonra müraciəti qəbul etməyə məcbur olublar.
Etiraz məktubunda Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclər Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazisində girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun dərhal azadlığa buraxılmasını, Ermənistanın Azərbaycana qarşı təxribatlardan əl çəkməsini və işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının çıxarılmasını tələb ediblər.
Sənəddə bir sıra dövlətlərin və beynəlxalq təşkilatların azərbaycanlı girovların azadlığa buraxılması ilə bağlı fikir və tələbləri öz əksini tapıb.
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında “Xocalıya ədalət!” şüarları ilə də öz etirazlarını bildiriblər.
R.Babayev