Azərbaycan “Bakı-2015” Avropa Oyunlarında iştirak edəcək bütün idmançıların, o cümlədən Ermənistan yığma komandasının oyunçularının xərclərini ödəyəcək. Bunu jurnalistlərə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə söyləyib.
“Belə praktika Olimpiya Oyunlarının keçirilməsində mövcuddur. İdmançılardan ibarət nümayəndə heyətlərinin qəbulunu və yola salınmasını ev sahibi və ya Beynəlxalq Olimpiya Komitəsi üzərinə götürür”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Bakıda keçiriləcək Avropa Oyunlarında nümayəndə heyətlərinin qəbulu üzrə bütün xərcləri Azərbaycan öz üzərinə götürüb.
“O cümlədən Tbilisidən tranzit yolu ilə Bakıya gələcək erməni nümayəndə heyətinin xərclərini də Azərbaycan çəkəcək”, - deyə Ç.Hüseynzadə vurğulayıb.
MOK-un vitse-prezidenti deyib ki, nümayəndə heyətləri Olimpiya kəndində yerləşdiriləcəklər.
“Milli Olimpiya komitələrinin rəhbərləri və baş katiblər isə “Fairmont” otelində yerləşdiriləcəklər”, - deyə o əlavə edib.
R.Babayev