Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb.
Dövlət başçısının rəsmi saytında dərc edilmiş fərmana əsasən,Mingəçevir Yüksək Texnologiyalar Parkı iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədi ilə yaradılır.
Mingəçevir Yüksək Texnologiyalar Parkı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı - “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində yaradılır.
Fərmanda qeyd olunur ki, Mingəçevir Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.
Prezident İlham Əliyevin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə hazırda Bakının Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkı yaradılır. Məqsəd İKT, kosmos, enerji səmərəliliyi, yüksək texnologiyaların tətbiqi və digər sahələrdə tədqiqatların aparılmasıdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkının tikintisi üçün 50 hektar torpaq sahəsi ayrılıb.
N.Abbasova