Yazıçı Anarın “Beş mərtəbəli evin altıncı mərətəbəsi” kitabı Yunanıstanda “Təhminə” adı altında çapdan çıxıb və bu münasibətlə Afinada təqdimat mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Yunanıstandakı səfirliyindən məlumat verilib.
Tədbir Azərbaycanın Yunanıstandakı səfirliyinin təşəbbüsü ilə keçirilib. İki ölkə arasında mədəni əlaqələr tarixində ilk dəfə olaraq azərbaycanlı müəllifin kitabı yunan dilinə tərcümə edilib.
Təqdimat mərasimində kitabın müəllifi, xalq yazıçısı Anar, Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev, eləcə də Yunanıstanın mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Çıxış edənlər iki ölkə arasında mədəni münasibətlərin inkişafı çərçivəsində belə tədbirlərin keçirilməsinin vacibliyi, Yunanıstan və Azərbaycan arasında humanitar və mədıni sahələrdə sürətlə inkişaf edən əlaqələrdən danışaraq, Anarın “Təhminə” kitabı sayəsində iki xalqın ənənələri, mədəniyyəti, musiqisi, mətbəxi, ailə dəyərlərində oxşar cəhətlərin olduğunu görmələri barədə danışıblar.
R.Mustafayev tədbiri açaraq bildirib ki, tərcümə üçün məhz bu romanın seçilməsi təsadüfi deyil. Anar Azərbaycanın ən məşhur yazıçılarından biri, Azərbaycan Yazçılıar İttifaqının sədridir. Bu roman isə onun ən yaxşı və sevilən əsərlərindəndir. “Mən yazçıçı Anara və onun qızı Günelə təqdimat mərasimində iştirak etdikləri üçün minnətdaram”,- deyə səfir qeyd edib.
“Əsas odur ki, biz xeyirxah missiya yerinə yetirmişik, bundan sonra bizim ölkələrimiz daha bir mədəni halqa - uzun illər yunan oxucuları ilə qalacaq bu gözəl kitab vasitəsi ilə birləşmiş oldu”,- deyə diplomat əlavə edib.
Yazıçı Anar, öz növbəsində Azərbaycan səfirliyinə və kitabın Yunanıstanda nəşr edilməsinə kömək edən hər kəsə təşəkkürünü bildirərək söyləyib ki, hər iki ölkə coğrafi cəhətdən çox uzaq olsa da, onların ədəbiyyat tarixi çox qədim zamanlardan üst-üstə düşür.
Tədbirin sonunda yunanıstanlı tamaşaçılar Bakı Dövlət Konservatoriyasının nümayəndələri - pianoçu Nərgiz Ağayeva və vokalçı Aytac Şıxəlizadənin ifasında Azərbaycan xalq və Avropa opera musiqisindən nümunələr dinləyiblər.
A. Zeydullayeva