2015-2016-cı illər üzrə İslam İnkişaf Bankının Təqaüd Proqramı elan edilib. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Proqram layihəsi İslam İnkişaf Bankına (İİB) üzv olan ölkələrdən istedadlı gənclərin dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili (PhD, 3 il müddətinə) almaq və doktoranturadan sonra tədqiqat işləri (Post-doc, 6-12 ay müddətinə) aparmaq imkanı yaradır.
Sözügedən proqram haqqında ətraflı məlumatı və ərizə formalarını İİB-in rəsmi saytından (www.isdb.org) əldə etmək olar.
Qeyd edək ki, layihədə iştirak etmək istəyən AMEA-nın elmi müəssisə və digər təşkilatlarının əməkdaşları təqdim olunmuş ərizə formalarını dolduraraq 5 mart 2015-ci il tarixədək AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinə təqdim etməlidirlər.
A.Zeydullayeva