Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi Vahid Qəhrəmanov Azərbaycan Dövlət Tibb Universitetində (ATU) təhsil alan əcnəbi tələbələrlə görüşüb.
V.Qəhrəmanov görüş zamanı qeyd edib ki, Azərbaycanda 10 gündən artıq yaşamaq istəyən əcnəbi, həmçinin tələbə ölkəyə gəldiyi gündən olduğu yer üzrə qeydiyyatdan keçməlidir.
O izah edib ki, Azərbaycanda qanuni əsaslarla olduğu müddətdə onlara müvəqqəti yaşamaq üçün 1 il müddətinə icazə verilir.
İdarə rəisi, həmçinin məlumat verib ki, tələbələrə dövlət rüsumunda xeyli güzəşt edilir. “İcazə alan əcnəbilər 120 manat ödədiyi halda, tələbələr üçün bu məbləğ 40 manatdır”.
Bundan başqa, o xatırladıb ki, Azərbaycan vətəndaşlığı olmayan şəxslər təhsil müddətində əmək fəaliyyəti ilə məşğul ola bilməz.
“Əks halda əcnəbi tələbəni işə götürən hüquqi şəxs 30-35 min manat, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər isə 3-5 min manat məbləğində cərimə oluna bilərlər. Yaşayış yeri, qeydiyyatla bağlı qanunun tələblərini pozan əcnəbilər 300-400 manat məbləğində cərimə ödəməlidirlər”, - deyə V.Qəhrəmanov xəbərdarlıq edib.
O əlavə edib ki, qanun pozuntuları təkrarlanarsa, həmin şəxs ölkədən məcburi çıxarılır.
“Xaricdən 2-4 həftə müddətinə mühazirə deməyə gələn professor və müəllimlər iş icazəsi almaqdan azaddırlar”, - deyə o qeyd edib.
A.Zeydullayeva