“Azərbaycan” istilik elektrik stansiyası 2015-ci ilin yanvar ayında 816,412 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “Azərenerji” ASC-nin məlumatında bildirilir.
Hazırda stansiyada sutkada orta hesabla 24-27 mln. kVt/saat elektrik enerjisi istehsal edilir.
“Cari ildə stansiyada ASC-nin təsdiq etdiyi təmir qrafikinə uyğun olaraq 2 blokda əsaslı, 3 blokda orta, digər enerji bloklarında isə planlı cari təmir aparılması nəzərdə tutulub”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, 2014-cü ildə “Azərbaycan” İES 7 mlrd. 683,6 mln. kVt/saat elektrik enerjisi istehsal edib.
“Azərbaycan” İES-də hər birinin gücü 300 MVt olan 8 blok var. Azərbaycanda istehsal edilən elektrik enerjisinin böyük hissəsi bu stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə edilir.
N.Abbasova