Ukraynanın şərqində gedən münaqişə nəticəsində 6 mindən çox insan həlak olub. Bu barədə BMT-nin ali komissarı Zeyd Raad əl-Hüseynin bazar ertəsi yayılmış məruzəsində qeyd edilir.
Bundan başqa, 14,8 minə yaxın insanın yaralandığı bildirilir.
Məruzədə qeyd edilir ki, son həftələrdə xüsusən Donetsk Hava Limanı və Debaltsevo rayonunda yüzlərlə dinc sakin və hərbçi öldürülüb.
Z.Raad əl-Hüseyn bildirib ki, Ukraynanın şərqində insanların və infrastrukturun amansızlıqla məhv edilməsi faktları qeydə alınıb.
“Associated Press” agentliyinin məlumatına əsasən, BMT təsdiq edir ki, etimad doğuran hesabatlarda Rusiyanın ötən ilin dekabr ayından etibarən Ukraynanın şərqindəki döyüşçüləri ağır silah, eləcə də canlı qüvvə ilə təchiz etməsi faktları göstərilir.
Rusiyanın rəsmi şəxsləri isə dəfələrlə bəyan ediblər ki, Rusiya ordusunun hərbçiləri Ukraynada hərbi əməliyyatlarda iştirak etmir və RF Ukraynadakı yığma qoşun döyüşçülərinə döyüş texnikası tədarük etmir.