“Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında" Anlaşma Memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
Sənədi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Böyük Britaniya Parlamentinin üzvü, baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi Çarlz Hendri imzalayıblar.
İmzalanan memoranduma əsasən, Azərbaycan və Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiya yaradılacaq.
Tərəflər birgə Komissiyanın yaradılması ilə iqtisadi və ticarət əlaqələrinin daha da genişlənməsi və möhkəmlənməsinə əminlik ifadə ediblər.
Görüşdə Ş.Mustafayev qeyd edib ki, hazırda Azərbaycanda 543 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir. İndiyədək Böyük Britaniya tərəfindən Azərbaycan iqtisadiyyatına $20 mlrd. investisiya qoyulub.
O qeyd edib ki, ölkələr arasında turizm, ekologiya, İKT, enerji, kənd təsərrüfatı məhsullarının istehsalı, investisiya, sənaye sahələrində münasibətlər inkişaf edə bilər.
A.Axundov