İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2015-ci ilin fevral ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2 mln. 99,884 min manat ödəniş ediblər. Bu barədə İSB-nin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2014-cü ilin fevral ayında sığortaçıların avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişləri 2 mln. 254,178 min manat təşkil edib. Beləliklə, 2015-ci ilin fevral ayında 2014-cü ilin fevral ayı ilə müqayisədə ödənişlər 6,9% azalıb.
Büronun məlumatına əsasən, 2015-ci ilin fevral ayında İSB üzvləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1,771 min tələb üzrə ödənişlər həyata keçiriblər (artım 2% - İF-Az).
2015-ci ilin fevral ayında nəqliyyat vasitəsinə dəyən ziyana görə 1,646 min sığorta tələbi üzrə 1 mln. 870,064 min manat, əmlaka dəyən ziyana görə 87,07 min manat (50 tələb), sağlamlığa dəyən zərərə görə 77,75 min manat (62 tələb), ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsinə görə 65 min manat (13 hadisə) məbləğində ödəniş həyata keçirilib.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. 15 sığorta şirkəti İSB-nin üzvüdür. Onlardan 11 şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.
2014-cü ildə sığortaçılar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 26,833 mln. manat ödniş həyata keçiriblər, bu isə 2013-cü ilin göstəricisindən 5,93% çoxdur.
A.Əzizov