Bakıda keçiriləcək ilk Avropa Oyunlarının biletləri martın 19-dan satışa çıxarılacaq. Bu barədə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin idman direktoru Pirs O Kalaqan məlumat verib.
“Birinci Avropa Oyunlarının biletləri martın 19-21-də satışa çıxarılacaq və yerli əhali onları əldə edə biləcək”, - deyə O.Kalaqan martın 4-də start götürəcək gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına həsr olunmuş mətbuat konfransında bildirib.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev