Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Xəzər rayonunda sahibkarların maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF ixtisaslaşdırılmış "yaşıl market"lərin, heyvandarlıq və arıçılıq təsərrüfatlarının, plastik qapı və pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Xəzər rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib.
A.Axundov