Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstanın baş naziri Boyko Borisov ikitərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün potensialın mövcud olduğunu qeyd edirlər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Çərşənbə günü Sofiyada keçirilən təkbətək görüşdə İ.Əliyev və B.Borisov ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildiriblər. Tərəflər əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsinin önəmini vurğulayıblar.
Söhbət zamanı siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirilib. İki ölkənin energetika sahəsində, həmçinin “Cənub” qaz dəhlizi layihəsində uğurlu əməkdaşlığının önəmi qeyd olunub. Azərbaycanla Bolqarıstan arasında dostluq münasibətlərinin əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyi vurğulanıb.
Danışıqlar zamanı infrastruktur, sənaye, nəqliyyat, maliyyə, turizm, idman, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Y.Əliyev