Bakıda görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası Vaqif Mustafazadənin 75 illik yubiley tədbiri keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbir aprel ayının 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.
Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadə 1940-cı il martın 16-da Bakı şəhərində anadan olub.
1972-ci ildə o, özünün ən məşhur kompozisiyalarından olan “Əlvida” əsərini yazıb. Mahnı Azərbaycanda hitə çevrilib və V.Mustafazadəyə beynəlxalq şöhrət gətirib. Bəstəkar bir çox festival və müsabiqənin laureatı olub.
V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə səhnədə “Əzizəni gözləyərkən” kompozisiyasını ifa edərkən ürək tutmasından dünyasını dəyişib.
A.Zeydullayeva