Ombudsman Aparatına fəaliyyəti dövrü ərzində 115 minə yaxın müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclasından məlumat verib.
“2014-cü ildə Ombudsman Aparatına 13 min 150 müraciət daxil olub”, - deyə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova cümə günü Milli Məclisdə ötən ilin yekunlarına dair hesabatla çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, 2002-ci ildə yaradılan Ombudsman Aparatının fəaliyyəti ərzində bu struktura 114 min 690 müraciət daxil olub.
“2014-cü ildə daxil olan müraciətlərin 49%-i icraata qəbul olunub, onların 56,8%-i təmin edilib”, - deyə E.Süleymanova qeyd edib.
Ötən il Ombudsman Aparatına hüquqların pozulması ilə əlaqədar 875, polis orqanlarının fəaliyyəti ilə əlaqədar 1928, sağlamlığın qorunması hüququnun pozulması ilə əlaqədar 528, məhkəmə hüququnun pozulması ilə əlaqədar 1367 müraciət daxil olub.
R.Babayev