Moskvada məşhur rusiyalı tarixçi-qafqazşünas, professor, Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş Rudolf İvanovun “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” adlı kitabı nəşr edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
10 bölmədən ibarət olan kitaba təqribən 475 tarixi material daxil edilib. Monoqrafiyaya N.Nərimanovun nadir nəşrlərdən aşkar edilmiş məqalə və nitqləri, o cümlədən müəllifin sağlığında dərc olunmuş sonuncu əsəri - “Leninsiz fəaliyyətimizin bir ili” adlı əsəri daxil olunub. Əlavələrdə N.Nərimanovun həyat və fəaliyyəti ilə bağlı 147 əlamətdar tarix göstərilir.
Kitabın ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Akademik ön sözdə qeyd edir ki, “oxucu dövriyyəsinə ilk dəfə professor R.N.İvanov tərəfindən daxil edilmiş məxvi arxivlər N.Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır. Professor R.N.İvanovun sənədli epopeyasını Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri olan N.Nərimanovun coşqun dövlətçilik və siyasi fəaliyyətinin ən dolğun tədqiqatı hesab etmək olar.
Görkəmli ictimai-isiyasi xadim, yazıçı N.Nərimanov 1920-1921-ci illərdə xalq xarici işlər komissarı, 1920-1922-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olub.
A.Zeydullayeva