Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2015-ci ilin fevral ayı ərzində 1 mln. 812 min 466 kvadratmetr ərazi yoxlanılıb, 194 mina və partlamamış hərbi sursat (PHS) aşkar olunub. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, 179 PHS, 3 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 487 nəfər minaaxtaran mütəxəssis və 119 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 281 mln. 166 min 915 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689 min 883 təşkil edir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Qazax, Gədəbəy və Tərtər rayonlarında davam etdirilir.
2015-ci ilin fevral ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.
R.Babayev