Bakıda Yaponiyanın Tohoku Universitetinin professoru Nurbosun Janpesiovun iştirkı ilə fizika sahəsində seminar keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən məlumat verilib.
N.Janpesiov AMEA Fizika İnstitutunda məruzə ilə çıxış edib.
Tədbirdə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzinin professoru Yevgeniy Çulkov, AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və həmin institutun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı iştirak ediblər.
N.Janpesiov “Enerji materiallarının sıxlıq funksional nəzəriyyəsi (SFN) metodu ilə tədqiqi” adlı məruzə ilə çıxış edib.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırlıb.
Seminar akademik Dilqəm Tağıyevin çıxışı ilə davam etdirilib. Mövzunun müasir dövr üçün əhəmiyyətindən danışan D.Tağıyev gələcəkdə fizik, kimyaçı və nəzəriyyəçilərin birgə multidissiplinar fəaliyyətini təşkil etmək məqsədi ilə Beynəlxalq Fizika Mərkəzi, Fizika və Kataliz və Qeyri-üzvi Kimya institutları arasında razılığın əldə olunacağına ümid etdiyini bildirib.
A.Zeydullayeva