2015-ci il martın 12-də Avropa Yenidənqurma və İnkişaf Bankının qərargahında Azərbaycan Beynəlxalq Bankı (ABB), Azərbaycan-Britaniya Biznes Şurası və “Asia House” Ekspert Mərkəzinin təşkilatçılığı ilə Londonda III “Caspian Corridor” konfransı keçiriləcək. Bu barədə tədbir təşkilatçılarının məlumatında deyilir.
“Bu il konfrans Avropadan Asiyaya daha təhlükəsiz diversifikasiya edilmiş enerji və iqtisadi dəhlizin yaradılması məsələlərinə həsr olunub. Konfrans çərçivəsində Avropa ilə Asiyanı birləşdirən nəqliyyat infrastrukturunun inkişafı, bu inkişafın maliyyələşdirilməsi, eləcə də qlobal energetika mənzərəsinin dəyişməsinə təsir məsələləri ilə bağlı məruzələr oxunacaq”,- deyə məlumatda bildirilir.
Konfransda Azərbaycan tərəfdən məruzəçi qismində energetika naziri Natiq Əliyev çıxış edəcək.
““Caspian Corridor” konfransı özünü regionda baş verən hadisələrə dair fikir mübadiləsi aparmaq üçün vacib platforma kimi təsdiq edib və Böyük Britaniya ilə Xəzər regionunun siyasətçiləri və biznes nümayəndələri arasında konstruktiv dialoqa xidmət edir”, - deyə ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.
N.Abbasova