Azərbaycan Hərbi Prokurorluğu ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü Arsen Baqdasaryanbarədə cinayət işinin materiallarını məhkəməyə göndərib. Bu barədə Hərbi Prokurorluğun məlumatında deyilir.
Ötən il dekabrın 26-da yaxalanan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupunun üzvü A.Baqdasaryan barəsində cari ilin fevral ayında Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
A.Baqdasaryan Azərbaycan Cinayət Məcəlləsinin 218.2 (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1 (Cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7 (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələri ilə ittiham olunur.
İstintaqla müəyyən olunub ki, Ermənistanda xüsusi təlim keçən A.Baqdasaryan Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılan Ağdərə rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərib.
Prokurorluq qeyd edir ki, A.Baqdasaryan hərbi hissə komandirindən (adı və soyadı bəllidir) Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb.
“Bu məqsədlə A.Baqdasaryan cinayətkar birliyin digər üzvləri ilə birlikdə (onların adları və soyadları istintaqa bəllidir) 2014-cü il dekabrın 26-da saat 15:00 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub.Torpağa basdırılmış minalar zərərsizləşdirilib”, - deyə Hərbi Prokurorluğun məlumatında deyilir.
Məlumata əsasən, faktla bağlı zəruri istintaq hərəkətləri həyata keçirilib, xüsusilə A.Baqdasaryanın şəxsi əşyalarına baxış keçirilib, torpağa basdırılmış minalar zərərsizləşdirilib, həmçinin məhkəmə-tibbi, kompleks məhkəmə psixiatrik və psixoloji, məhkəmə partlayış-texniki və s. ekspertizaları təyin edilərək rəylər alınıb, hadisənin şahidləri dindirilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
F.İsazadə