Pakistan prezidenti Məmnun Hüseyn Qarabağ və Kəşmir məsələsində Bakı və İslamabadın qarşılıqlı dəstəyini qeyd edir.
“Pakistan və Azərbaycan bir çox regional və qlobal məsələlər üzrə ümumi fikirləri bölüşür və həmçinin regional və beynəlxalq forumlarda bir-birini dəstəkləyir. Cammu və Kəşmir mübahisəsi və Dağlıq Qarabağ münaqişəsi kimi mühüm məsələlərdə bizim bir-birimizə şərtsiz dəstəyimiz, ikitərəfli mehribanlığı, əlaqələrimizin canlılığını və qarşılıqlı anlaşmağımızı sübut edir”, - deyə Pakistanın Azərbaycandakı səfirliyi çərşənbə günü Bakıya səfərə gələcək M.Hüseynin sözlərindən sitat gətirir.
Qarşıdan gələn səfərə toxunan Pakistan prezidenti bəyan edib ki, Azərbaycana səfəri yüksək səviyyədə keçirilən müntəzəm mübadilənin bir hissəsidir. “Azərbaycan 1991-ci ildə öz müstəqilliyini əldə edib və Pakistan 1947-ci ildə dünya xəritəsində yaranıb. Lakin bizim bağlantılarımız və əlaqələrimiz əsrlər öncəsinə dayanır. İman, mədəniyyət və ümumi tarixi təcrübə bizi birləşdirir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk üç ölkədən biridir. Biz bu günümüzdə güclü olan və gələcək illərdə daha da güclənən ikitərəfli münasibətlərimizin təməlini qoyduq”, - deyə o qeyd edib.
Prezident vurğulayıb ki, bir çox problemlərə və çətin regional və geostrateji ətraf mühitə baxmayaraq, Pakistan və Azərbaycan yüksək səviyyədə iqtisadi inkişaf əldə edib.
“Bizim xoşniyyətli siyasi və iki ölkənin resurslarının səviyyəsini nəzərə alaraq, iki xalqın rifahı üçün ticarət, investisiya, müdafiə, təhsil, elm, texnologiya və mədəniyyət sahələrini inkişaf etdirmək və əməkdaşlığımızı gücləndirmək çox təbiidir. Yuxarıda qeyd olunan sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün mən əziz dostum Azərbaycan Prezidenti ilə görüşü səbirsizliklə gözləyirəm. İqtisadi və ticarət əlaqələrimizi mövcud olan isti siyasi münasibətlərimizin səviyyəsinə çatdırmağımız üçün biz çox çalışmalıyıq”, - deyə pakistanlı prezident vurğulayıb.
O, həmçinin Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar fəaliyyəti də yüksək qiymətləndirib.
“Pakistan xalqı 2005-ci ildə zəlzələ zamanı və 2010-2011-ci illərdə sel fəlakəti zamanı Azərbaycanın bizə uzatdığı köməyi son dərəcə yüksək qiymətləndirir”, - deyə M.Hüseyn əlavə edib.
“Fürsətdən istifadə edərək qarşıdan gələn Novruz Bayramı münasibətilə Azərbaycanın görkəmli və cəsarətli xalqına xoşbəxtlik, cansağlığı və firavanlıq arzu edirəm”, - deyə o söyləyib.
F.İsazadə