Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman Azərbaycanla Argentina arasında son illərdə ikitərəfli münasibətlərin inkişaf etdiyini qeyd edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
Azərbaycan parlamentinin nümayəndə heyətinin Argentinaya səfəri çərçivəsində deputatlarımızla görüşən H.Timerman bildirib ki, Azərbaycan Argentinanın yaxın dostu və müttəfiqidir.
Tərəflər Azərbaycan-Argentina əlaqələrinin daha da genişləndirilməsi üçün iqtisadi, mədəni, humanitar, təhsil sahələrində əməkdaşlığın təşviqi mövzuları ətrafında fikir mübadiləsi aparıblar.
Millət vəkili Cavanşir Feyziyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Milli Məclisin üzvləri Muxtar Babayev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov daxil olub.
Azərbaycan parlament nümayəndə heyəti səfər vaxtı Argentina Respublikasının vitse-prezidenti və Senatının sədri Amado Boudou, Deputatlar Palatasının sədri Xulian Dominguez, Argentina Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları ilə fərdi görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Argentina arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğundan və hər iki ölkənin beynəlxalq məsələlərə münasibətdə mövqelərinin üst-üstə düşməsindən məmnunluq bildirilib.
Habelə iki ölkə arasında iqtisadi-ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq, eyni zamanda regional təhlükəsizlik mövzuları da müzakirə edilib. Azərbaycanlı deputatlar Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişəyə münasibətdə beynəlxalq təşkilatların mövqeyi, münaqişənin nizamlanmasının gələcəkdə regionda sülh, əməkdaşlıq və inkişafa təsiri imkanları barədə məlumat veriblər.
Səfər çərçivəsində Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunda (İSEN) “Azərbaycan və onun inkişaf strategiyası”, habelə Argentina Beynəlxalq Əlaqələr Şurasında (CARİ) isə “Xəzər hövzəsinin geosiyasəti” mövzularında müvafiq olaraq təqdimat və dəyirmi masa təşkil edilib. Hər iki tədbirdə azərbaycanlı millət vəkilləri Cavanşir Feyziyev, Fuad Muradov və Asim Mollazadə müvafiq mövzularda çıxışlar ediblər. Çıxışlardan sonra natiqlər iştirakçıların çoxsaylı sullarını cavablandırıblar.
Nümayəndə heyəti Azərbaycanın Argentinalı Dostları Klubu və Azərbaycanın Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan gecəsi”ndə iştirak edib.
R.Babayev