Fransanın Azərbaycandakı səfiri Paskal Monye Dağlıq Qarabağ probleminin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsini məqsədəuyğun hesab etmir.
“Hesab edirəm ki, hər iki tərəf, həm Ermənistan, həm də Azərbaycan hazırkı danışıqlar formatını düzgün hesab edir. Güman edirəm ki, formatın dəyişməsi yaxşı heç nə vəd etməyəcək (münaqişənin nizamlanmasına - İF-Az)”, - deyə P.Monye çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinə Türkiyə və Almaniyanın Minsk Qrupunun həmsədr ölkələrinin tərkibinə daxil edilməsi mümkünlüyünü şərh edərkən bildirib.
Fransalı diplomatın fikrincə, münaqişə tərəfləri arasında danışıqlar Azərbaycan və Ermənistan prezidentləri tərəfindən indiki həmsədr ölkələrin (Rusiya, ABŞ və Fransa) malik olduqları etimada əsaslanır.
“Digər ölkələr tərəfindən ən yaxşı yardım öz ideyalarının (münaqişənin nizamlanmasına dair - İF-Az) həmsədrlərə təklif olunması və onların reallaşdırılması yollarının müzakirəsidir”, - deyə səfir vurğulayıb.
P.Monyenin sözlərinə görə, prezident Fransua Olland Fransanın həmsədr ölkə kimi münaqişənin sülh yolu ilə nizamlanması üzrə öhdəliklərinə sadiqdir.
F.İsazadə