Azərbaycan “Bakı-2015” Avropa Oyunların bütün iştirakçılarının təhlükəsizliyini tam təmin etməyə hazırdır. Bu barədə gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bəyan edib.
“Biz elan etdik ki, Avropa Milli Olimpiya komitələrinin 50-si də bütün ölkələrin iştirakını təmin etməyə hazırdır və bununla əlaqədar 2012-ci ilin sonunda saziş imzalanıb. Təhlükəsizliyin təmin edilməsi nöqteyi-nəzərindən Bakıda ən etibarlı məkan Olimpiya kəndi olacaq. Orada təhlükəsizliyin təmin edilməsi üzrə bütün tədbirlər həyata keçiriləcək və bu, nəinki erməni atletlərə, həm də Avropa Oyunlarının bütün iştirakçılarına aiddir”, - deyə A.Rəhimov çərşənbə günü keçirilən mətbuat konfransında Avropa Oyunlarının iştirakçılarının təhlükəsizliyi ilə bağlı suala cavab olaraq vurğulayıb.
“Ermənistan komandasına gəlincə, biz məşqçilərlə problemlərin olması ilə əlaqədar Avropa Oyunlarında yunan-roma güləşi üzrə idmançıların iştirak etməyəcəklərinə dair məlumatlar alırıq. Dünən, həmçinin erməni gimnastların da iştirak etməyəcəyi haqqında məlumat yayılıb. Dünən Ermənistanda keçirilən müşavirədə vurğulanıb ki, erməni idmançıları Avropa Oyunlarında iştirak edib-etməyəcəklərinə dair qərarı fərdi şəkildə qəbul etməlidirlər”, - deyə A.Rəhimov əlavə edib ki, bu cür məsələlər hər bir dövlətin daxili işidir.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək.
Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev