Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sahəsində Xəzəryanı ölkələrlə əməkdaşlığın möhkəmlənməsinin zəruri olduğunu hesab edir.
“Bizim üçün Qazaxıstan, Rusiya vəTürkmənistanla əlaqələrin qurulması çox vacibdir. Bu, xüsusilə turizm sahəsində kadrların hazırlanması sahəsində əməkdaşlığa aiddir”, - deyə nazir çərşənbə günü Bakıda keçirilən III Beynəlxalq “Caspian Energy Forum – 2015”də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ümumdünya Turizm Təşkilatının məlumatına əsasən, əcnəbi turistə xidmət göstərilməsində 32 peşənin nümayəndələri iştirak edir. “Bu, bütün fəaliyyət sahələrinə - nəqliyyat, rabitə, iaşə və bir çox digər sahələrə aiddir”, - deyə Ə.Qarayev qeyd edib.
Nazir, həmçinin özəl sektorun nümayəndələrini turizm sektoruna investisiya yatırmağa çağırıb. “Yaxın beş ildə Azərbaycana gələn turistlərin sayını 4,5-5 mln. nəfərə çatdırmağı planlaşdırırıq”, - deyə o məlumat verib.
Bundan başqa, Ə.Qarayev Ermənistanın Azərbaycanın mədəni irsini mənimsəməsi məsələsinətoxunub. “Mədəni irsimiz, ənənələrimiz, tarixi və memarlıq abidələrimizi hər vəchlə mənimsəməyə cəhd edirlər. Buna görə biz mədəni irsimizi qorumağa davam etməli və Ermənistanın təxribatlarına hər vasitə ilə mane olmalıyıq”, - deyə Ə.Qarayev vurğulayıb.
A.Zeydullayeva