Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Ermənistanın təxribat qrupunun basqın cəhdinin qarşısı alınarkən şəhid olub. Bu barədə cümə axşamı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
Məlumata görə, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.
«Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib. Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Anar Atayev şəhid olub», - deyə məlumatda qeyd olunur.