ATƏT insan alveri ilə mübarizədə Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır. Bunu ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi, səfir Mədinə Carbusınova cümə axşamı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüş zamanı söyləyib.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, M.Carbusınova ATƏT-in digər sahələrdə olduğu kimi, bu sahədə də gələcəkdə ölkəmizlə əməkdaşlığı genişləndirmək və görülən işlərin dəstəklənməsini davam etdirmək əzmində olduğunu nəzərə çatdırıb.
O, ölkəmizdə daim güclənən sosial siyasət kursunun insan alverindən zərər çəkmiş insanları da əhatə etməsinin, habelə insan alverinin qurbanına çevrilmək riski olan şəxslərlə bağlı aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıb.
“ƏƏSMN-in tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən təkcə ötən il insan alveri qurbanı və insan alverinin qurbanına çevrilmək riski olan şəxslərdən ibarət 100 nəfərə yaxın insana müvafiq yardımlar göstərilib. Həmin şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı əsasında işlər aparılıb, onlar maddi, tibbi, hüquqi, psixoloji yardımlarla təmin olunublar, onların məşğulluğu, peşə reabilitasiyası və s. istiqamətlərdə konkret işlər görülüb”, - deyə nazir diqqətə çatdırıb.
S.Müslümov dövlət başçısının 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə ölkədə insan alverinə qarşı mübarizəyə dair yeni, yəni 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq edildiyini bildirib.
İnsan alveri qurbanları ilə fəaliyyət sahəsində ATƏT-lə əməkdaşlığın daim genişləndiyini bildirən nazir insan alveri ilə mübarizə, habelə insan alverindən zərər çəkmiş insanlara sosial yardımın göstərilməsi ilə bağlı bu təşkilat tərəfindən təşkil olunan müxtəlif tədbirlərdə iştirakın təmin edildiyini bildirib.
R.Babayev