Aprelin 21-də S.Vurğun adına Rus Dram Teatrında Rusiyanın tanınmış aktyorları Emmanuil Vitorqan və Anjelika Aqurbaş çıxış edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrın mətbuat xidmətindən məlumat verilib.
Artistlər bakılı tamaşaçılara yeni “Kral Tref - məhəbbət kartı” yubiley tamaşasını təqdim edəcəklər. Bu qeyri-adi layihə musiqili kino-tamaşa janrındadır. Bu, üç janrın - kino, teatr və estrada sənətinin sintezidir. Kino-tamaşa müğənni A.Aqurbaşın teatrda ilk təcrübəsidir.
Rusiyanın xalq artisti Lüdmila Maksakova da layihəyə dəvət olunub. Tamaşanın quruluşçu rejissoru Aleksandr Gerasimovdur.
Tamaşanın musiqisi dirijor və bəstəkar Yuri Poteenkoya məxsusdur (filmə yazılmış ən yaxşı musiqiyə görə iki dəfə “Qızıl qartal” mükafatı laureatıdır).
Bəstəkar İqor Krutoy və şairlər Cahan Polıyeva və İlya Reznik tərəfindən xüsusi olaraq tamaşa üçün mahnı və şerlər yazılıb.
Tamaşa Aleksandr Gerasimovun “Kral Tref” pyesi əsasında hazırlanıb.
A.Zeydullayeva