Böyük Britaniyanın baş naziri Devid Kemeron aprel ayının 27-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumuna uğurlar arzu edib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə ünvanlanan məktubda baş nazir təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.
III Qlobal Açıq Cəmiyyətlər Forumu ilə bağlı fikir bildirən D.Kemeron vurğulayıb ki, Mərkəzin fəaliyyəti dünyada beynəlxalq təhlükəsizliyin təminatı üzrə əməkdaşlığın möhkəmlənməsinə yönəlib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstək verdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunun təşkilatçısıdır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci il sentyabrın 30-da Gəncə şəhərində dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimi tərəfindən yaradılıb. Mərkəzin fəaliyyətinin prioriteti Azərbaycanın elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunmasıdır.
R.Babayev