Martın 13-də Bakı Fond Birjasında “AccessBank” ASC və “Embawood” MMC-nin faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazları ilə repo əməliyyatları başlayır. Bu barədə BFB-nin məlumatında bildirilir.
İstiqrazlar üzrə təminat həcmi 40% təşkil edir.
Məlumata əsasən, investisiya qiymətli kağızları ilə birja üzvləri arasında repo əməliyyatlarının həyata keçrilməsinə 25 fevral 2014-cü il tarixində start verilib. Bu günədək korporativ qiymətli kağızlarla 62 əqd olmaqla, ümumilikdə 218 mln. manatlıq repo əqdi bağlanılıb.
“Embawood” 2014-cü il avqustun 22-də 10 mln. manat məbləğində, “AccessBank” 2014-cü il dekabrın 29-da 12 mln. manat məbləğində istiqrazın yerləşdirilməsinə başlayıb.
Yerləşdirmənin anderrayteri “PAŞA Capital” MMC-dir.
“Embawood” Azərbaycanda ən iri mebel istehsalçısıdır. Şirkətin sahib olduğu 7 zavoddan 3-ü Azərbaycanda, 2-si Gürcüstanda, 1-i Özbəkistanda, 1-i isə Ukraynada yerləşir. Bundan başqa, “Embawood” 200-ə yaxın mağazadan ibarət pərakəndə ticarət şəbəkəsi vasitəsilə 10 ölkədə təmsil olunur.
“AccessBank” 2002-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, “Access Holding” və “LFS Financial Systems GmbH” tərəfindən yaradılıb və respublikanın aparıcı banklarının beşliyinə daxildir.
A.Axundov