Azərbaycanda mobil rabitə operatorları tariflərin ucuzlaşması üçün səy göstərməlidirlər. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev cümə günü rabitə xidmətləri sahəsində istehlakçıların hüquqlarının müdafiəsinə həsr olunan dəyirmi masada bildirib.
“Mobil rabitə tarifləri dövlət tərəfindən müəyyən edilmir. Onlar bazarda formalaşır. Operatorlar tariflərin ucuzlaşması üçün səy göstərməlidirlər”, - deyə Z.İsayev bəyan edib.
O, jurnalistlərə məlumat verib ki, mobil operatorları rouminq tariflərinin ucuzlaşması üzərində iş aparırlar.
Bundan başqa, onun sözlərinə görə, istehlakçıların icazəsi olmadan reklam SMS-lərinin göndərilməsinin qarşısını almaq məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsinə dair təkliflər hazırlanıb.
Dövlət Xidmətinin rəisi qeyd edib ki, dəyirmi masada rabitə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində problemlər və bütün tərəflərin təklifləri səsləndiriləcək.
Dövlət Xidmətinin rəis müavini Araz Əliyev tədbirdə vurğulayıb ki, 2014-cü ildə Xidmətə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar 740 müraciət daxil olub. 2013-cü ildə bu göstərici 359-a bərabər olub. 2014-cü ildə müraciətlərin təxminən yarısı rabitə xidmətlərinin keyfiyyəti, ikinci yarısı isə rabitə qurğularının işləməsi ilə əlaqədar olub.
Dəyirmi masanın işində yerli və xarici təşkilatlar, mobil operatorları, mobil qurğuların satıcıları, internet provayderlərin nümayəndələri iştirak edirlər.
Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru fəaliyyət göstərir – “Azercell”, “Bakcell” və “Azerfon”.
A.Axundov