2015-cü ilin yanvar-fevral aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 64,1% - 988,3 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 58,2%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 893,1 mln. manat (artım 84%) təşkil edib.
Emal sənayesinə 11,2 mln. manat (azalma 53,2%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 14,5 mln. manat (azalma 56,9%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 69,5 mln. manat (artım 17,7%) investisiya qoyulub.
Bundan başqa, yanvar-fevral aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsinə 122,7 mln. manat (artım 63,1%), rabitə və informasiya sahəsinə 34 mln. manat (artım 43,3%) dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 39,5 mln. manat (azalma 78,2%), təhsil sahəsinə 22,9 mln. manat (azalma 59,6%) investisiya qoyuluşu həyata keçirilib.
2015-ci ilin yanvar-fevral aylarında yaşayış evlərinin tikintisi sahəsinə 98,1 mln. manat (artım 2,1 dəfə) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
A.Axundov